1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373
nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin
(bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin keçirilməsində başlıca
məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim
potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində
uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək,
novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını
nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu
və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində
müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq
səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət
daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.
1.3. Müsabiqə hər tədris ili üzrə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.
1.4. Müsabiqədə əsas iş yeri ümumtəhsil
məktəbləri olan, bu Qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab
verən müəllimlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan
müəllimlər istisna olmaqla) iştirak edə bilərlər.
1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik
və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı
müəllim" müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi (bundan sonra
Təşkilat komitəsi) tərəfindən həyata keçirilir.
1.6. Təşkilat komitəsinin tərkibinə
beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də
daxil edilə bilərlər.
1.7. Müsabiqə prosesində mərhələlər üzrə
qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.
1.8. Müsabiqənin keçirilməsi və nəticələri
ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən apelyasiya komissiyası yaradılır.
2. Müsabiqədə iştirak etmək üçün
şərtlər
2.0. Müsabiqədə iştirak etmək istəyən
müəllimlər aşağıdakı şərtlərə cavab verməlidirlər:
2.0.1. azı beş il pedaqoji iş stajına
malik olması;
2.0.2. ixtisasartırma kurslarını keçməsi, pilot
və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına
dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd
alması;
2.0.3. təcrübə mübadiləsi məqsədi ilə
digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;
2.0.4. dərs demək, məşğələ aparmaq üçün
ixtisasartırma tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;
2.0.5. pedaqoji mühazirələrdə,
elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş "İlin ən yaxşı
müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer
(yerlər) tutması;
2.0.6. mətbuatda metodiki məqalələrlə
çıxış etməsi, tədris vəsaitlərinin müəllifi olması;
2.0.7. tədris etdiyi ixtisas üzrə
şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması,
fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində
mükafata layiq yerlər tutması;
2.0.8. "Baş müəllim", yaxud
"Metodist müəllim" adını alması, dövlət təltiflərinə
("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar
müəllim" fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olunması;
2.0.9. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin kollegiya qərarları və Azərbaycan Respublikası təhsil nazirinin
əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti
barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib
yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar
qəbul edilməsi;
2.0.10. informasiya və kommunikasiya
texnologiyalarından istifadə bacarıqlarına malik olması;
2.0.11. ictimai birliklər, fondlar, yerli
və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və
digər qurumlar tərəfindən aparılan sorğularda həmin müəllim haqqında müsbət
mülahizə və rəylərin irəli sürülməsi;
2.0.12. müəllimin müsabiqədə iştirakı üçün
əhəmiyyətli olan digər zəruri göstəricilər.
3. Müsabiqənin təşkili
3.1. Müsabiqə üç mərhələdə keçirilir.
3.2. Müsabiqənin mərhələlər üzrə keçirilmə
müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilir.
3.3. Müsabiqədə iştirak etmək istəyən
müəllim hər il bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş
müddətdə Təşkilat komitəsinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyən olunmuş formada ərizə ilə müraciət edir. Bu Qaydaların 2-ci
bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər (onların surətləri)
ərizəyə qoşma kimi əlavə olunur. Ərizə elektron poçt vasitəsilə də göndərilə
bilər (office@edu.gov.az).
3.4. Sənədlərin qeydiyyata alınması və
ekspertizasının aparılması üçün Təşkilat komitəsi tərəfindən ekspert qrupu
(qrupları) yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını aparır və
nəticələri barədə Təşkilat komitəsinə hesabat təqdim edir.
3.5. Ekspertizanın yekununa görə daha çox
bal toplamış müəllimlər ekspert qrupunun təqdimatı əsasında Təşkilat
komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.
3.6. Müsabiqənin ikinci mərhələsi bu
Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə təşkil edilir.
Bu mərhələnin iştirakçıları ümumtəhsil məktəblərində ixtisasları üzrə təklif
olunan siniflərdə sınaq dərsləri aparırlar.
3.7. Sınaq dərsləri Təşkilat komitəsi
tərəfindən ixtisaslar əhatə olunmaqla, tanınmış alim və metodistlərdən,
təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət tərkibdə yaradılmış
fənn komissiyaları tərəfindən qiymətləndirilir. Sınaq dərsləri videolentə
alınır.
3.8. Sınaq dərslərinin qiymətləndirilməsi
prosesində aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
3.8.1. mövzunun tədrisi üçün maraqlı və
optimal dərs formasının seçilməsi;
3.8.2. problemin qoyuluşu və həlli
prosesinə şagirdlərin fəal cəlb edilməsi, şagirdlərlə həssas ünsiyyətin
qurulması və pedaqoji əməkdaşlıq münasibətlərinin yaradılması;
3.8.3. dərsin fəal, interaktiv təlim
üsullarının səmərəli tətbiqi şəraitində tədris edilməsi;
3.8.4. tədris olunan mövzunun şagirdlər
tərəfindən dərs prosesində mənimsənilmə səviyyəsinin müəyyən edilməsi;
3.8.5. şagirdlərin bütünlüklə
qiymətləndirilməsi üçün çevik formalardan istifadə edilməsi.
3.9. Hər bir sınaq dərsi müvafiq fənn komissiyasında
müəllimin iştirakı ilə təhlil edilir, ümumi rəy və nəticələr onun nəzərinə
çatdırılır. Fənn komissiyaları növbəti mərhələyə təqdim olunan müəllimlər
haqqında Təşkilat komitəsinə yekun hesabat hazırlayır.
3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə
Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Bu mərhələdə iştirakçılar özləri
haqqında qısa məlumat verməklə, müasir dövrdə təhsil prosesinin təşkilinin
aktual məsələlərinə dair Təşkilat komitəsinin təklif etdiyi mövzu ətrafında 10
dəqiqəlik təqdimatla çıxış edir və verilən sualları cavablandırırlar.
4. Müsabiqənin yekunu
4.1. Təşkilat komitəsi tərəfindən zonalar
üzrə qaliblərin seçilməsi üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla
kvotalar müəyyənləşdirilir.
4.2. Təşkilat komitəsi hər üç mərhələnin
nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox
bal toplamış 100 müəllimi seçir və müsabiqənin yekununu müvafiq aktla
rəsmiləşdirir.
4.3. Müsabiqədən müvəffəqiyyətlə keçmiş
müəllimlərin siyahısı müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə
edilməklə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.
4.4. Azərbaycan Respublikasının Təhsil
Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri
(məlumatları) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim
etməlidir.
4.5. Hər tədris ili üzrə müsabiqədən
müvəffəqiyyətlə keçmiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə "Ən yaxşı müəllim" mükafatı ilə mükafatlandırılırlar.
4.6. "Ən yaxşı müəllim" mükafatı
ilə mükafatlandırılmış müəllim mükafatlandırıldığı tədris ilindən 4 il
keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.
Hiç yorum yok:
Yorum Gönder